Bakıda 80 mindən çox piyada cərimələnib

Cari il yanvarın 1-dən avqustun 26-dək Bakıda 80 min 187 piyada cərimə olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, bu müddətdə piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə onların hərəkəti üçün nəzərdə tutulmuş yeraltı və yerüstü piyada keçidləri yaxınlığında reydlər keçirilib. Nəticədə 80 min 187 piyada “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq tərtib edilən protokol əsasında 20 manat cərimə edilib.

V.Əsədov deyib: “Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb. Polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Məqsəd yol hərəkətində piyadaların vurulması faktlarının aşağı salınması və bütövlükdə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdr. Bu gün də tədbirlər davam etdirilir. Piyadalar da sürücülər kimi, işıqforun siqnallarına uyğun hərəkət etməlidirlər”.

Yenicag.Az

COP29