Bakıda ağac aşdı-Fotolar

82709Nizami rayonu, Məzahir Rüstəmov küçəsində ağac aşıb. Hadisə bu gün səhər saatlarında baş verib.

Aşan ağac yolun bir hissəsini qapatdığı üçün avtomobillərin hərəkətinə mane olub.

Ərazidə yaşayan sakinlərdən aldığımız məlumata görə, ağacın aşması ilə bağlı şikayət etsələr də, bir nəticəsi olmayıb:

“Külək və yağışa görə bu gün səhər ağac qəflətən aşdı. Gördüyünüz kimi, yolun yarısını bağlayıb. Maşınlar gedib-gələ bilmir. İcra hakimiyyətinə zəng vurmuşuq. Səhər gəldilər, baxdılar və getdilər. Heç bir nəticəsi olmadı.

Bəzən deyirlər ki, xəbərimiz olmayıb. İndi xəbərləri var. Bəs, nə oldu? Niyə gəlib, bir iş görmürlər? Gərək ağac kiminsə başına düşərdi, xəsarət alan olardı, bax, o zaman əl-ayağa düşərdilər”.

Sürücülər də etirazlarını bildirdilər:

“Bu yol ikitərəflidir. Bir tərəfini ağac bağlayıb. Məcbur olub, digər yola keçirik. Bu da sıxlıq və tıxac yaradır. Onsuz da şəhərdə maşın əlindən tərpənmək olmur. Heç olmasa, belə hadisələr olanda cəld tərpənsinlər. Xahiş edirik, aidiyyatı qurumlar bu işlə maraqlansınlar”.