Bakıda ağacların dibinə zərərli maddə tökməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, paytaxtın Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 10 ədəd şam ağacının dibinə zərərli maddə tökülməsi faktı ilə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri və yaşıllıqları ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəngilan rayonundan məcburi köçkün olan və hazırda Yasamal rayonu ərazisində yaşayan Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
Bakıda ağacların qurudulması faktı ilə bağlı cinayət işi başlanıb.
Yenicag.az-ın məlumatına görə, rayonun Şərifzadə küçəsində yerləşən yaşıllıq zolağında 23 ədəd müxtəlif növ çoxillik ağaclardan 10 ədəd şam ağacının dibinə naməlum şəxslər tərəfindən zərərli maddə tökülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir./APA/