Paytaxtın Heydər Əliyev prospektində TIR-ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
“Prospektə giriş-çıxış bərpa edilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə o qeyd edib.
***
Bakıda TIR sürücüləri yolu bağlayıb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Söhbət paytaxtın H.Əliyev prospektindən gedir. Bir neçə TIR sürücüsü maşını yolun ortasında saxlayaraq nəqliyyatın hərəkətinə mane yaradıb.
TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb:
“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.
Əraziyə Dövlət Yol Polisinin əməkdaşları da cəlb olunur.
***
Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.
Nərimanov rayon ərazisində 4 yük avtomobili yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriliblər.
Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.
Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür./APA/