Bakıda aksiya keçirilib

A-ABSD1Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni şahmatçılarının Bakıya gəlişinə etiraz olaraq aksiya keçirib.

Təşkilat tərəfindən verilən məlumata görə, aksiya iştirakçıları “Azneft” meydanında toplaşaraq Şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilən Beynəlxalq Muğam Mərkəzinin binasına doğru irəliləyiblər.

Binanın yaxınlığında aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. QAT üzvləri “Rədd olsun ermənilər!”, “Siz idmançı deyilsiniz, terrorçusunuz!”, “İşğalçı rejimin nümayəndələrinə yox deyirik!” şüarları səsləndirilib, plakatları qaldırılıb.

Aksiya iştirakçıları mərasim keçirilən binaya daxil olmağa cəhd göstəriblər. Onlar Ermənistan bayrağını cıraraq ayaqları ilə tapdalayıblar.

QAT-dan yayılan məlumata görə, polis aksiya iştirakçılarından Aki Nağı da daxil olmaqla 8 nəfəri saxlayaraq Səbail polis idarəsinə aparıb. QAT üzvləri bildiriblər ki, erməni şahmatçıları ölkəni tərk edənə qədər etirazlarını ən müxtəlif formalarda davam etdirəcəklər.