Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Yenicag.az verilən məlumata görə, naməlum şəxs obyektə daxil olaraq aptekdə olan seyfləri qıraraq oradan külli miqdarda pul aparıb. Hadisə ilə bağlı Nərimanov Rayon Polis idarəsi və 16-cı Polis Bölməsinə məlumat daxil olan kimi dərhal yaradılan əməliyyat-istintaq qrupu tərəfindən obyektə baxış keçirilib. İdarə və Bölmə əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvlərindən ikisi – Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən hadisə günü A.Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub. Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib.
Qeyd edək ki, A.Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb. Hadisədən sonra A.Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər.
Onu da qeyd edək ki, dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.