2023-cü il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf salnaməsinə daha bir uğur səhifəsi kimi yazıldı. Azərbaycan ötən bir ildə beynəlxalq mövqelərini daha da gücləndirdi, siyasi, iqtisadi və digər sahələrdə diqqətçəkən irəliləyişlərə nail oldu.
Vətən müharibəsində qazanılmış Zəfər siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, Azərbaycanın hərbi gücü daha da artırıldı. Bu il Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.
Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri və şəhərin qonaqları böyük maraqla izləyiblər.
AZƏRTAC bayram atəşfəşanlığından fotoları təqdim edir.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, şam ağacları qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, bayram yarmarkaları təşkil olunub.
Xalqımız qazandıqları uğurlar fonunda Yeni ili böyük sevinc və nikbinliklə qarşılayır.
Ötən Qələbə və Zəfər ilini xoş ovqatla yola salan Azərbaycan xalqı 2024-cü ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.
Qədəmlərin uğurlu olsun, Yeni il!