Bakıda avtoş sürücünün hərəkəti polkovniki dəhşətə gətirdi – VİDEO

Birtərəfli yolda əks istiqamətə çıxaraq sona qədər yüksək sürətlə hərəkət edən VAZ-2107 markalı avtomobil sürücüsünün dəhşət saçan videosu sosial şəbəkədə yayılıb.

Avtosfer.az-ın yaydığı videoda sürücünün qarşıdan gələn avtomobillərlə toqquşa biləcəyini dərk etsə də, buna məhəl qoymayaraq yolun hərəkət hissəsindən kənara çıxmadığı və sürəti artırdığı görünür. Onların spirtli içki və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir.

Yayılan görüntülər barədə baku.ws saytına danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi polkovnik bildirib ki, videonu izləyərkən dəhşətə gəlib:

“Bu videoya baxdım və dəhşətə gəldim. Bu insanlar təkcə özlərini deyil, həmçinin yolda olan digər sürücüləri də təhlükəyə atırlar. Onlar sanki, bu vəziyyətdən zövq alır və bunu böyük qəhrəmanlıq kimi təqdim edirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi olaraq biz bu şəxslərin tutulub məsuliyyətə cəlb olunması üçün bütün vasitələrimizi səfərbər edəcəyik. Görüntüləri diqqətlə analiz edib, bu yolun harda olduğunu kameralar vasitəsilə dəqiqləşdirməyə çalışacağıq. Onların səsindən və görüntülərindən şəxsiyyətlərini müəyyənləşdirərək məsuliyyətə cəlb edəcəyik. Çünki insanların bu cür təhlükəli hərəkətləri onların təkcə özlərinə deyil, həmçinin də ətrafdakı digər günahsız insanların da həyatına son verə bilər. Biz həmçinin sürücüləri və sakinləri də belə insanlara qarşı diqqətli olmağa çağırır, şahidi olduqları bu cür qanun pozuntularını ictimailəşdirilməsində yardımçı olmağa səsləyirik”, – deyə Vaqif Əsədov bildirib.

Vaqif Əsədov daha sonra bu cür faktların aşkarlanmasında və yayılmasında KİV nümayəndələrinin əvəzolunmaz rolu olduğunu da vurğulayaraq, onlara öz təşəkkürünü bildirib.

Yeniçağ.az