Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin konfransı keçirilir

Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin bir neçə deputatı, eləcə də, Azərbaycan və Türkiyənin bir sıra iş adamları iştirak edirlər.

Konfransın ardından ATİB İdarə Heyətinin İllik Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) iki qardaş ölkənin nümayəndələri olan üzvlərinin iqtisadi və sosial sahədə həyata keçirilmiş islahatlar, müvafiq qanunvericilik aktlarında dəyişikliklər barədə məlumatlılığını artırmaq, habelə onların fəaliyyətinə ölkənin inkişaf prioritetlərinə uyğun dəstək vermək məqsədilə vaxtaşırı müxtəlif mövzularda tədbirlər həyata keçirir.