Bakıda bədbəxt hadisə – Şagird məktəbin 2-ci mərtəbəsindən yıxıldı – Yeniləndi

Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub. 

Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən Report-a bildirilib ki, mayın 13-ü saat, təxminən, 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb.

***

15:24

Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.

Yenciag.az-ın məlumatına görə, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib./ONA/