Bakıda DAK-ın təşkilatçılığı ilə “Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ forumu keçirilir.
Yenicag.az xəbər verir ki, tədbirdə ölkənin tanınmış siyasətçiləri, millət vəkilləri, ictimai xadimlər, media nümayəndələri iştirak edir.
Mərasimi DAK sədri Sabir Rüstəmxanlı açıb.
Forumun keçirilməsi ilə bağlı məlumat verən S.Rüstəmxanlı bildirib ki, DAK Qarabağla bağlı daim çalışır, xaricdə tədbirlər keçirir:
“Düzdür, bununla bağlı diasporamız da iş görməlidir. Ancaq çox təəssüf ki, diaspora təşkilatlarımızın fəaliyyəti istədiyimiz səviyyədə deyil. ATƏT-in Minsk qrupu çalışır ki, Qarabağ Zəngəzur problemi kimi unudulsun.
Hesab edirəm ki, bu problem yaşadıqca DAK daim bu məsələni qabartmalıdır. Dağlıq Qarabağ problemi iqtidarın, müxalifətin yox, Azərbaycan xalqının bəlasıdır”.
Sabir Rüstəmxanlının açılış nitqindən sonra məruzəçilər geniş nitqlə çıxışa başlayıblar.
Səxavət Məmməd
Fotolar: Emin Yakup