Bakıda böcəkdən hazırlanan “halal” kolbasalar satılır

10527572_614605128636969_4975294439854061113_nEtiraf etmək lazımdır ki, ölkədə sahibkarlara, iş adamlarına münbit şərait yaradıldıqca bəzi işbazlar bundan öz şəxsi maraqları naminə istifadə etməyə, asan yolla daha çox gəlir əldə etmək üçün istehlakçılara kələk gəlməyə, keyfiyyətsiz məhsulları dəyərindən bir neçə dəfə baha qiymətə satmağa, bir sözlə fırıldaqçılıqla məşğul olmağa başlayıblar.

Düzdür, onların əməlləri müvafiq dövlət qurumları tərəfindən ifşa olunsa da, təəssüf ki, bu cür şirkətlər hələ də qalmaqdadır.

Misal kimi, paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsi, 32B ünvanında fəaliyyət göstərən «Kristal CF» MMC-ni göstərmək olar. Beləliklə, adıçəkilən MMC-nin rəhbərinin Cəfər adlı şəxs olduğunu bildirən mənbənin verdiyi məlumatda deyilir ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Kristal CF» MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən olunub.

Verilən məlumata görə, yoxlama zamanı MMC-nin istehsal etdiyi pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada – yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar edilib. Bundan başqa, müəssisədə pivənin Çexiya istehsalı olan açıq rəngli arpa səmənisindən istehsal edilmədiyi halda, etiketində məhsulun bu arpadan istehsal edildiyi barədə istehlakçılara yanlış məlumatların verildiyi müəyyənləşdirilib. Məhz elə bu səbəbdən də yol verilən qanun pozuntusu ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cəfər müəllimin sahibi olduğu «Kristal CF» MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, pivə ilə yanaşı, ət və ət məhsulları, əsasən də sosiska və kolbasa istehsalı ilə məşğul olan «Kristal CF» MMC-nin törətdiyi əməllər, yol verdiyi kobud nöqsanlar bununla bitmir. Belə ki, məlumatlı şəxsin sözlərinə görə, bir müddət əvvəl, Cəfər Nəsibovun sahibi olduğu şirkətin istehsal etdiyi və üzərində «halal» sözü yazılmış kolbasadan donuz piyi çıxıb: «Kristal CF» MMC-nin istehsal etdiyi sosiska və kolbasalar bu gün şəhərin müxtəlif mağazalarında, o cümlədən böyük supermarketlərdə istehlakçılara təqdim olunsa da, şirkətin məhsullarının keyfiyyəti standartlara cavab vermir. Belə ki, bir müddət öncə, üzərində «halal» sözü yazılmış kolbasadan donuz əti və piyi çıxıb. Hadisə paytaxtın 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən «Araz» supermarketlər şəbəkəsində qeydə alınıb.

Bundan başqa, bu yaxınlarda «Halal» etiketindən istifadə edərək markalanmış «Kristal CF» əmtəə nişanlı «Baranina» kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının laboratoriyada sınaqları aparılıb.

Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST ) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində “halal” sözü yazılmış “Kristal CF” əmtəə nişanlı yarım hisə verilmiş “Baranina” kolbasasının tərkibində AZS 731-2012 “Halal qida” standartına zidd olaraq donuz əti və piyi aşkar edilib.

Bu isə onu deməyə əsas verir ki, Cəfər Nəsibovun sahibi olduğu «Kristal CF» MMC halala haram qatır. Hələ bu, harasıdır. Deyilənlərə görə, istehlakçılara leş əti yedizdirən, insan həyatı üçün təhlükəli olan pivələr təqdim edən şirkətin sahibi əlilin torpağını zəbt etməkdən belə, çəkinməyib. Lakin bu qədər qanunsuz əməl törətməsinə rəğmən, hələ də Cəfər Nəsibov barəsində heç bir ölçü götürülməyib».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a bildirib ki, “ “Halal” sertifikatı məsələsi ölkədə acınacaqlı vəziyyətdədir. Bir neçə il öncə dünya halal konqresində iştirak etmişdim. Ora dünyanın 56 ölkəsindən müsəlman alimləri toplaşmışdı. Üç gün müddətində müzakirələr olsa da, məlum oldu ki, “halal” sertifikatı ilə bağlı dünyada vahid mövqe yoxdur. Dövlət Agentliyinin kağız üzərində hazırladığı standart tam beynəlxalq normalara uyğundur. Lakin onun praktikada tətbiqi demək olar ki, mümkün deyil. “Gindes” deyilən xarici təşkilat gəlib Azərbaycana halal sertifikatı verib gedir. Amma ona cavabdehlik daşımır. Bu sahədə böyük hərc-mərclik var. Dövlət Agentliyi və MMC-lərə əsasnamə vermişəm ki, halallıq sertifikatının qəbul olunmasına qeyri-hökumət təşkilatları, dövlət orqanları, İqtisadiyyat Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və mətbuatın iştirakı ilə kollegial qərar qəbul olunmalıdır. Hazırda bu əsasnamə müzakirədədir. Bu istiqamətdə şəffaf mühit olmasa, tam halallıq tələblərinə cavab verməyən belə malların bazarda satışını mütləq alacağam. Halal sertifikatı ölkəmizdə özünü doğrultmayıb. Çünki, iş şəffaf şəkildə həyata keçirilmir. Burada təkcə donuz məsələsi deyil. Kim zəmanət verə bilər ki, əti kəsən adam üzü qibləyə dayanıb və kəsərkən digər ayinləri də icra edib? Kim zəmanət verə bilər ki, Hindistandan gətirilən ətin başına bir dəfə bıçaq çəkilib. Kolbasa məmulatlarının içərisində 20 dənə inqridentlər var. Məlum olub ki, inqridentlərin biri böcəkdən hazırlanır”.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.