Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 173kv.m. olan dördotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təxliyə edilib.
***
Paytaxtın Xətai rayonunda yaşayış binasında yanğın başlayıb.
Yenicag.az xəbər verir ki, yanğın “Həzi Aslanov” metrosunun yaxınlığında yerləşən çoxmərtəbəli binadakı mənzillərdən birində baş verib.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər görülür.