Bakıda bu marşrut xətti bağlandı

1441015227_1353567020_avtobusss1474022711Paytaxtın nəqliyyat sistemində, xüsusən də sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi, eləcə də marşrut xətləri üzrə istismarda olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı Bakı Nəqliyyat Agentliyinin (BNA) önəm verdiyi məsələlərdəndir.

Bununla bağlı müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulub. Bu çərçivədə 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib.
Bu haqda BNA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 6-da Bakı şəhərində 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə istismar olunan 10 TF 297 dövlət qeydiyyat nişanlı, “Midibus-saz” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və bir neçə sərnişinin sağlamlığına zərər dəyib.

İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxs ilə bağlanan “60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə”nin müddətinin bitdiyi aşkarlanıb.

Bundan başqa, Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın tələbləri də kobud şəkildə pozularaq, qəzaya düşən avtobus istismara yararsız və texniki cəhətdən nasaz olmasına baxmayaraq reysə buraxılıb.

Məhz bu səbəblər nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müvafiq sərəncamı ilə daşıyıcı fiziki şəxs ilə bağlanmış 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqaviləyə xitam verilib.

Həmin daşıyıcı 14.09.2016-cı il tarixindən 60 nömrəli marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb. Sərəncama əsasən, 60 nömrəli marşrut üzrə sərnişindaşımanın təşkili müvəqqəti olaraq digər daşıyıcı fiziki şəxsə həvalə olunub və onunla müvafiq müqavilə bağlanılıb.