Bakıda bu universitetin yataqxanası bərpa olunur – Rektor AÇIQLADI

“Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası yenidən bərpa olunur”.

Yenicag.az xəbər verir ki, bunu AZMİU-nun rektoru Gülçöhrə Məmmədova ispan memarlarının universitetə səfəri zamanı təşkil olunan tədbirdə məlumat verib.

O bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar:

“Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdırlar. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur”.
Rektor qeyd edib ki, 30 il müddətində dağıdılan şəhərlərimiz yenidən bərpa olunur:

“Biz də çalışırıq ki, təhsilimizi yüksək səviyyədə quraraq məzunlarımızın memarlığın ən qabaqcıl təcrübəsinə uyğun şəkildə həmin ərazilərdə bərpa-quruculuq işlərində fəaliyyət göstərməsinə dəstək olaq”./report