“Bakıda onlarla “sirli ünvan” var. Bu ünvanlarda onlarla şirkəti dövlət qeydiyyatına alırlar. Sonra həmin şirkətlər vasitəsilə “tender oyunu” oynayıb büdcəni talamaqla məşğul olurlar”.
Yenicag.az xəbər verir ki, bu sözləri jurnalist Allahverdi Aydın dövlət satınalmalarındakı özbaşnalıqları şərh edərkən bildirib.
Onun sözlərinə görə, yeni yaranan şirkətlərin tenderlərdə qalib gəlməsi adi hal alıb:
Həmin “sirli ünvan”lardan biri “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72”də yerləşir. Avqust-sentyabr aylarında bu ünvanda sonluğuna “az Qrup”, “az Ltd”, “az Constraksen” kimi əlavələr qoyulan “Veton”, “Levon”, “Sansetka” kimi əcaib adlar altında onlarla şirkət qeydiyyata alınıb.
Daha sonra həmin bu “Veton”lar, “Levon”lar, “Sansetka”lar 100-lərlə gəncin canı bahasına qoruduğu bu vətənin sərvətlərini çox asanlıqla mənimsəyəcəklər.
Bu gün Gəncə şəhər Baş Polis İdarəsi dəftərxana və təsərrüfat mallarının almaq üçün 2 ay əvvəl yaranan həmin şirkətlərdən birinə – “Sansetka Az Qrup” MMC-yə 74 min manat pul ödəyib”.