Martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nəsimi rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.