Bakıda DƏHŞƏT – Usta maşının təmirini gecikdirdi – Bina atəşə tutuldu / VİDEO YENİLƏNDİ

Yasamal rayon sakini olan bir nəfər şəxs Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət edərək bildirib ki, əvvəldən tanıdığı bir nəfər yaşadığı evə gələrək, ona və ailə üzvlərinə doğru odlu silahdan atəş açıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, atəş açan şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Etibar Əlizadədir.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən E.Əlizadə qısa zamanda saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış zamanı hadisədə istifadə etdiyi bir ədəd “JK-9” markalı odlu silah, həmin silaha məxsus yeddi ədəd patron və bir ədəd idman tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

10:30

Bakıda ustanın maşını düzgün düzəltmədiyini deyən şəxs onun evinə atəş açıb.

Yenicag.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə aprelin 11-i gecə saat 12 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının həyətində baş verib.

Belə ki, həmin binada yaşayan Ağdam rayon sakini İxtiyar adlı usta Binəqədi rayon sakini Etibar Əlizadənin avtomobilini təmir edib. Dünən E. Əlizadə maşının düzgün düzəltmədiyini deyərək ustanın arxasınca yaşadığı əraziyə gəlib. Orada onun qarşısına İxtiyarın qardaşının xanımı çıxıb. E. Əlizadə qadının üzərinə gedərək İxtiyarın maşını düzəltməsini tələb edib və onların evinə tərəf atəş açıb.

Əvvəllər də məhkum olunmuş E. Əlizadə hadisə yerinə qardaşına məxsus “Chevrolet” markalı avtomobillə gəlib. Hadisə yerindən uzaqlaşdıqdan sonra idarəetməni itirərək qəza törədib.

E.Əlizadə polis əməkdaşları tərəfindən saxlanılıb və üzərində atəş açdığı tapança və 7 patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, sözügedən binada bir çox məcburi köçkün dövlət tərəfindən məskunlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

COP29