Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci km-də yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin – 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızının meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.