Bakıda əhalinin köhnə bina SEVDASI: Yeni tikililər zəlzələyə davamlıdır?

“Zəlzələ nəticəsində minlərlə vətəndaşın həyatı təhlükə qarşısında qala bilər”.

Bunu “Yeni tikilən binalar zəlzələyə nə qədər davamlıdır?” sualına cavab verən daşınmaz əmlak bazarı üzrə ekspert Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, yeni tikilən binaların zəlzələyə nə qədər davamlı olması barədə birmənalı mövqe bildirmək düzgün olmaz:

“Bakı şəhərində tikinti aparmaq üçün müəyyən normalar var. Təəssüflər olsun ki, bir çox hallarda bu normalara əməl olunmur. Müvafiq qurumlar, xüsusilə Fövqəladə Hallar Nazirliyi binaların mövcud normalara uyğun şəkildə tikildiyi barədə sənəd təqdim edir.

Elə MTK-lar var ki, ucuz materialdan istifadə edir. Nüfuzunu qoruyan, mövcud qaydalara əməl edən şirkətin tikdiyi mənzildə təhlükəsizlik məsələləri tamamilə gözlənilir. Normativlərin gözləndiyi tikililər zəlzələyə davamlıdır.

Sahibkar çox mərtəbəli bina tikilməsində maraqlıdır. Mərtəbənin sayı artdıqca gəlir artır. Lakin seysmik ərazidə yerləşmə baxımından Bakı şəhərində 14-15 mərtəbədən yüksək bina tikilməsi məqsədə uyğun deyil. Zəlzələ və yaxud hər hansı təhlükə nəticəsində minlərlə vətəndaşın həyatı təhlükə qarşısında ola bilər.

Sovet dövrü binaları müəyyən normativlərə uyğun tikilib, ciddi şəkildə zəlzələyə davamlılığı yoxlanılıb. “Stalinka”, “Xruşovka”, “Leninqrad” proyektli binaların istismar müddəti başa çatsa da, yaşayış üçün əlverişlidir. Yeni tikilən binalarda isə daha çox aşınma müşahidə olunur. Amma bir çox məsələlərə görə yeni tikililər daha üstündür. Genişlik, komfort baxımından yeni tikililərə üstünlük verilir”.

Nəsimi Ələsgərli