“Son illərdə tikinti materiallarında baş verən artım tikinti xərclərini iki dəfəyədək çoxaldıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Son illərdə tikinti materiallarının qiymətinin artmasının əmlak satışına təsiri barədə danışan mütəxəssis söyləyib ki, tikinti materiallarının qiymətinin bahalaşması təbii ki, birbaşa olaraq, tikintinin maya dəyərinə təsir edir.
Onun sözlərinə görə, xüsusən də daxili təmir zamanı istifadə olunan tikinti materiallarının – daha çox isə taxtanın və digər materialların qiymətinin artması satış qiymətlərin də öz təsirini göstərir:
“Əvvəlki illərdə hər hansı fərdi ev tikərkən 100 kvadratlıq bir mənzilin tikintisi, sadəcə, qaba işlərlə ortalama 20 min manata və onun təmir işləri 15 min manata başa gəlirdisə, hazırda materialların artması səbəbindən hər hansı fərdi evin tikintisi zamanı görülən qaba işləri, yəni, sadəcə, suvaq və daş, dam örtüyü işlərində ortalama təxminən 300-350 manat qiymət dəyişimi baş verir. Təmir işləri isə minimum 1 kvadrat üçün 250 manat civarında nəzərdə tutulur”.
Ekspertin fikrincə, son illərdə tikinti materiallarında baş verən artım, demək olar ki, tikinti xərclərini iki dəfəyədək artırıb:
“Bu səbəbdən də sözügedən tipdə olan əmlakların satışında da kəskin artım müşahidə olunur. Ötən illərdə mişar daşının bir ədədi paytaxtda təqribən 40 qəpiyə satılırdısa da, hazırda bu rəqəm təqribən 65-75 qəpik arasında dəyişir. Bu da hər hansı satış üçün nəzərdə tutulan fərdi həyət evinin tikintisi zamanı qiymətə təsir göstərir və qiymət artımına gətirib çıxarır”.
E.Fərzəliyev qeyd edib ki, çoxmənzilli binaların inşasına nəzər salsaq, buradakı tikinti şirkətləri, sadəcə, mənzilləri vətəndaşlara təmirsiz vəziyyətdə verirlər:
“Şirkətlər bu mənzilləri təmirsiz vəziyyətdə versələr belə, həmin mənzillərin daxili təmirləri üçün istifadə olunan tikinti materiallarının və ustaların zəhmət haqlarının qiymətləri artdığına görə o tip əmlakların da təmirində və satışında qiymət artımı müşahidə olunur”.
İsmayıl Bakuvi