Bakıda “Global CEO Summit 2025” tədbiri KEÇİRİLDİ – FOTO/VİDEO

Azərbaycan HR İnstitutu və “CEO Club Azərbaycan”ın birgə təşkilatçılığı, “PAŞA Holdingin baş sponsorluğu və BMT-nin Qlobal Sazişinin əsas tərəfdaşlığı ilə “Global CEO Summit 2025” keçirilib.

Yenicag.az xəbər verir ki, sammit yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorları, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində ən son yeniliklərin, innovasiyaların və texnologiyaların müzakirəsinə həsr olunub.

Tədbirin digər sponsorları Prime Cotton, Anzera, Golingua, Amrop Azərbaycan, Handex ESET şirkətləri olub.

Tədbirin açılışında çıxış edən Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov “Global CEO Summit 2025”in Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” strategiyasının “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prinsipinə əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, tədbirin əsas məqsədi dövlət-özəl əməkdaşlığını inkişaf etdirmək, işgüzar mühiti gücləndirmək və korporativ idarəetmənin yeni istiqamətlərini formalaşdırmaqdır.

Sammit çərçivəsində yerli və beynəlxalq ekspertlər qlobal bazarda idarəetmə trendləri, CEO liderliyinin yeni erası, süni intellekt və insan mərkəzli liderlik, rəqəmsal transformasiya, rəhbər vəzifələrdə karyera keçidləri və digər aktual mövzularda fikir mübadiləsi aparıblar. Tədbir iştirakçıları müxtəlif panel sessiyalarında müasir biznes mühitinin çağırışları və imkanları barədə müzakirələrə qatılıblar.

Qeyd edək ki, Azərbaycan HR İnstitutu daha əvvəl “Baku International CEO Summit 2022”, “Global HR Summit 2023”, “World HR Summit 2024” “COP29 Human Capital Forum” kimi nüfuzlu tədbirləri uğurla təşkil edir.