Bakıda güclü küləyin FƏSADLARI

Dünəndən başlayan küclü külək hazırda da davam edir. Havanın küləkli olması isə özü ilə bərabər bir sıra təhlükələrə yol açır. Baş verə biləcək hadisələrdən zərər görməmək üçün paytaxt sakinlərinə diqqətli olmaları tövsiyə olunur.

Yenicag.az xəbər verir ki, dünən axşamdan əsən güclü külək nəticəsində Bakı şəhərinin müxtəlif ünvanlarından ağacların yaratdığı narahatlıqlarla bağlı 10 müraciət qeydə alınıb. Bu barədə Lent.az -a məlumatı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov verib.

O bildirib ki, hadisə nəticəsində iki ağac kökündən qopub. Qalan 8 müraciət isə ağacların budaqlarının sınması ilə bağlı olub: “Müraciətlər nəticəsində lazımi tədbirlər görülüb və aşan ağaclar ərazidən götürülüb. Hazırda təsərrüfat gücləndirilmiş iş regimində çalışır. Əyilmiş ağacların törədə biləcəyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Hadisə nəticədində xəsarət alanlar olmayıb”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Lent.az -a bildirdi ki, şəhərdə küləyin daha güclü təsir etdiyi yerlərdə dayanacaqlarda küləyin təsirindən müəyyən sınmalar ola bilər:

“Küləyin təsirindən yol nişanları qopa bilər, bu cür vasitələr küləkdən sığortalanmadığı üçün agentlik əhaliyə ehtiyatlı olmağı tövsiyə edir. Son iki il ərzində küləyin təsirindən yol infrastrukturuna elə ciddi ziyan dəyməyib.

Olub ki, bəzi yerlərdə dayancağın üstü qopub, yaxud küclü küləkdən dayanacaq pavilyonun yarasız hala düşməsi ilə bağlı hadisə olub. Baş verən hadisələrlə bağlı xəsarət alan olmayıb. Dayanacqların, yol nişanlarının qoyulması zamanı Bakı şəhərinin küləkli şəhər olması nəzərə alınır”.