Bakıda hansı bank lirədən imtina edib? – Cavab hamını təəccübləndirəcək

Bir neçə gündür ki, Türkiyədə lirə dollara nisbətən kəskin ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, türk lirəsinin dollara nisbətən kəskin ucuzlaşmasından sonra Azərbaycan banklarının lirə alışını dayandırdığı ilə bağlı xəbərlər yayıldı. Məsələni araşdırmaq üçün banklara yollandıq. “Kapitalbank”, BTB bank, “Beynəlxalq bank”, “Günay Bank” və digərlərində lirə qəbulunun olub-olmadığını soruşduq. Müraciət etdiyimiz banklar lirəni qəbul etdiklərini bildirdilər və 1 lirəni 0.24 manat aldıqlarını qeyd etdilər.

Maraqlısı ondadır ki, Azərbaycan banklarından fərqli olaraq Türkiyənin Azərbaycandakı banklarından “Yapı Kredi Azərbaycan”ın Bakıdakı filialları Türkiyə lirəsinin alışını həyata keçirmir. Bankın filiallarında lirənin alışının dayandırılmasının səbəbini soruşduqda isə bildirdilər ki, bu barədə məlumatları yoxdur, sadəcə olaraq lirə alıb-satmırlar.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan QSC Unicredit (İtaliya) və Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır. Bu barədə bankın rəsmi saytında bildirilir. O da qeyd olunur ki, 2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olub. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.

Yapı Kredinin belə bir addım atması həqiqətən anlaşılmazdır. Azərbaycan banklarının Türkiyə lirəsini qəbul etdiyi halda, rəhbərliyində Türkiyə vətəndaşlarının üstünlük təşkil edən bankın öz lirəsinə sahib çıxmaması çox qəribədir.
Yəqin ki, bankın bu barədə ciddi bir izahı vardır.

Səxavət Məmməd

COP29