Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda final yarışlarının ikinci günü başladı – FOTO

Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının ikinci günü başlayıb.

Trend-in məlumatına görə, bu gün kişilər arasında dayaqla tullanmada, gimnastika atı üzərində və turnik üzərində hərəkətlərdə, qadınlar arasında isə tir üzərində və sərbəst hərəkətlərdə final keçiriləcək.

Azərbaycanı bu gün qadınlar arasında tir üzərində və sərbəst hərəkətlərdə Marina Nekrasova təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarzə gedəcək.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatır. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar keçirilir. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Yeniçağ.Az

COP29