Bakının mərkəzində iki avtomobil toqquşub, onlardan biri aşıb.
Qəza nəticəsində sürücülərdən biri xəsarət alıb. Hadisə “Azneft” dairəsində qeydə alınıb. Dairədə “Mitsubishi” və “Hyundai” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, “Mitsubishi” Neftçilər prospekti ilə Dövlət Bayraq Meydanı istiqamətində, “Hyundai” isə “Azneft” dairəsindən Niyazi küçəsi istiqamətində hərəkətdə olub. Dairədə iki avtomobil toqquşub və zərbənin gücündən “Mitsubishi” aşıb. Nəticədə aşan avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralı sürücüyə ilkin tibbi yardım göstərib.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin müstəntiqi və DYP əməkdaşları cəlb olunublar, müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya “Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması və dairəvi hərəkətin təşkil olunduğu yolda üstünlüyə malik olan digər avtomobilə yol verməməsi səbəb olub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq(APA).