Bakıda İran vətəndaşları saxlanıldı – Dələduzluq/FOTO

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb. 

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən paytaxt sakini Əli Səfərov bildirib ki, ticarət mərkəzində olan zaman iki nəfər Türkiyə türkcəsində danışan xarici ölkə vətəndaşı ona yaxınlaşaraq Azərbaycanda olan ən böyük pul əskinasları barədə ondan məlumat istəyiblər.

Ə.Səfərov cibində olan pulları çıxararaq həmin şəxslərə göstərdikdə onlardan biri əskinaslara baxmaq adı ilə zərərçəkənin əlindən alıb. Ancaq geri qaytaran zaman onun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar. Hadisə barədə ərazi üzrə Qaradağ rayon Polis idarəsi 10-cu polis bölməsinə məlumat daxil olan kimi cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İran İslam Respublikasının vətəndaşları Davud Mogəddəmi və Yosef Hadı saxlanılıblar. Onlar ifadələrinə bir müddət əvvəl Azərbaycana gəldiklərini və dələduzluq yolu ilə insanları aldadaraq pullarını ələ keçirdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin başqa vətəndaşlara qarşı da analoji cinayətlər etdikləri istisna olunmur. Odur ki, bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102” Zəng Mərkəzinə, 012-445-02-02 və ya 012-445-22-22 telefon nömrələrinə zəng edərək müraciət edə bilərlər.