Fevral ayının 9-da Bakıda Azərbaycanın Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda iki günlük IV Vergi Forumu öz işinə başlayıb.
Forumun plenar iclasında Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edir.
Plenar iclas Vergilər Nazirliyinin 15 illik fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Vergilər naziri Fazil Məmmədov forum iştirakçılarına bildirib ki, ənənəvi olaraq, hər il vergi xidməti işçilərinin peşə bayramı günü ərəfəsində keçirilən forumu, bu dəfə həm də Vergilər Nazirliyinin yaradılmasının 15-ci ildönümünə təsadüf edir. 15 il əvvəl Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılmış Vergilər Nazirliyi müstəqil qurum kimi böyük bir inkişaf yolu keçib. Sonrakı illərdə Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın vergi xidmətinin modernləşdirilməsi istiqamətində növbəti islahatlar keçirilib, vergi inzibatçılığı modernləşdirilib, vergi sisteminin texnoloji bazası gücləndirilərək, biznes və dövlət strukturları arasında yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına başlanılıb. Həyata keçirilmiş genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks layihələr, konkret hədəflərə yönəlmiş proqramların uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti yaradılıb.
Vergi xidməti orqanlarının 15 illik fəaliyyətinə nəzər salan vergilər naziri əldə edilən uğurlardan danışaraq bildirib ki, Azərbaycanda çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid vergi qanunvericiliyi bazası yaradılıb. Bu qanunvericilik təkcə fiskal deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması və sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə xidmət edir. Nazir qeyd edib ki, vergi sistemində geniş diapazonlu texniki imkanlara malik texnoloji baza mövcuddur. Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. Bu, respublikamızda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusudur. Vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılıb, vergi ödəyicilərinin təxminən 90%-i vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Son bir neçə ildə ƏDV inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin – onlayn kargüzarlığın təmin edilməsi, vergilərin elektron qaydada ödənilməsi və s kimi bir çox innovativ-texnoloji yeniliklər tətbiq edilib.
Azərbaycanın vergitutma sahəsində mövqeyinin beynəlxalq reytinqlərdə ildən-ilə irəlilədiyini vurğulayan nazir bildirib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi nəticəsində dünyanın 12 aparıcı dövləti sırasındadır. “Son bir neçə ildə yeni nəsil texnologiyalara söykənən ”Elektron audit” və “Asan İmza” kimi mühüm layihələr həyata keçirilib. Ölkəmizin “Asan İmza” təcrübəsi ötən il Avropa Parlamentində də uğurla təqdim edilmişdir”, – deyə F.Məmmədov qeyd edib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafı, bu inkişafa adekvat olan vergi inzibatçılığının formalaşdırılması nəticəsində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək, qeyri-neft-qaz sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artıb.
Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşşenko, Türkiyə Maliyyə Nazirliyinin Gəlirlər İdarəsinin başqanı Adnan Ertürk çıxış edərək Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndirib.
Tədbirdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) prezidenti Hans Blokpoelin Vergilər Nazirliyinin rəhbərliyinə və ölkəmizin vergi xidməti əməkdaşlarına video təbriki nümayiş etdirilib, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Daulet Yerqojin, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Dainoras Bradauskas, Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəis müavini Natalya Zavilova, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış ediblər.