Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı – FOTO
Bakı Şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu Ramana qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.