Telefon satmaq məqsədi ilə tanışını binanın damına çıxararaq ağır xəsarətlər yetirən şəxsə hökm oxunub.
Yenicag.az xəbər verir ki, hadisə ötən ilin iyulunda baş verib. Belə ki, Ayaz Nəsrulayev telefonunu satmaq üçün tanışı Xan Əhmədovdan kömək istəyib. Xan onun telefonunu almaq istəyən şəxsin olduğunu və onları 9 mərtəbəli binanın damında gözlədiyini deyərək aldadıb. Tanışını binanın damına çıxaran Xan Əhmədov onun baş hissəsinə yumruqla zərbələr endirərək ağır xəsarətlər yetirib. Çoxmətəbəli binanın damında huşsuz vəziyyətdə tapılan Ayaz daha sonra oradan endirilərək xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma – xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə iş açılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən Xan Əhmədov bildirib ki, Ayazı söyüş söydüyünə görə vurub:
“Onunla 2012-ci ildəni tanışıq. Təzəcə həbsdən çıxmışdım, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında dayanmışdım. Bu zaman Ayaz mənim yanıma gəlib telefonunu satmaq istədiyini, amma şəxsiyyət vəsiqəsinin olmadığını dedi. Bunun üçün məndən şəxsiyyət vəsiqəmi istədi. Mən razılıq verməyəndə söyüş söyməyə başladı. Orada tanımadığım adamlar var idi. Hiss etdim ki, içkilidir. Ona məhəl qoymamağa və oradan uzaqlaşmağa çalışdıqca o, daha çox və ağır söyüşlər söyməyə başladı. Bu zaman mən çevrilib onun baş hissəsinə bir neçə dəfə yumruqla vurdum. Onun da məni vurmaq istədiyini görüb sinəsindən itələdim. Bu zaman o yıxıldı və başı yerə dəydi. Etdiyim cinayətə görə çox peşmanam”.
Hadisə zamanı zərərçəkən Ayaz Nəsrulayev ifadə verərəkən bildirib ki, onlar arasında daha əvvəl heç bir problem və mübahisə olmayıb:
“Hadisə vaxtı nə mən, nə də o söyüş söyüb. İmkanım olmadığı üçün satılmalı telefonumun olduğunu dedim. O da mənə müştəri olduğunu və telefonu sata biləcəyimizi bildirdi. Onunla birlikdə 9 mərtəbəli binanın damına çıxdıq. Bir qədər gözlədikdən sonra kimsənin gəlmədiyini gördüm və getmək istədiyimi bildirdim. O isə ani olaraq mənə yaxınlaşıb yumruqla vurdu. Onun mənə neçə yumruq vurduğunu xatırlamıram. Huşum itib və yerə yıxılmışam. Oyananda isə iki nəfərin məni xəstəxanaya apardığnı gördüm. Telefonu da elə hadisədən sonra başqa birinə satdım”.
Hadisə yerinə ilkin olaraq cəlb olunan xilasedicilər bildiriblər ki, onlara bir nəfərin binanın damında intihar etməsi və huşsuz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lakin sonradan həmin şəxsin intihar etməsi yox, döyüldüyü məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xan Əhmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.