Bakıda kişi şəxsiyyət vəsiqəsini oğurluq etdiyi evdə düşürdü

Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən axtarışda olan şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Əməliyyat zamanı əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamov tutulub. Bu şəxsin Xəzər rayonu ərazisində 10 evdən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.

Aparılan araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib. O, həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də həmin evdə düşürüb.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əhliman Atamov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.