Bakıda marşrut avtobusu qəzaya düşdü: Xəsarət alanlar var – FOTOLAR

Bakının Nizami rayonunun Qara Qarayev prospektində – metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

99 JZ 249 DQN-lı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı “Toyota Prius” markalı minik avtomobili arxadan avtobusa dəyib.

“Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb”, – məlumatda bildirilib.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.