Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən “Zirvə” kolbasa məmulatları sexində reyd keçirib.
DBNX-nın mətbuat xidmətindən verilən xəbərə görə, reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş, 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkarlanıb.
Məlumatda qeyd olunub ki, mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran məhsullardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib: “Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək”.(APA)