Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı – VİDEO

Bakıda mənzildən oğurluq edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən naməlum şəxs tərəfindən oğurluq edilib.

Həmin şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayaraq hadisə yerindən yayınıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. Ondan oğurladığı qızl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

“Emin Cabbarovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir”, – Mətbuat Xidmətindən bildirilib.