Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, media subyeklərinin baş redaktorları iştirak ediblər. Konfransda Mətbuat Şurasının sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılış nitqləri ilə çıxış ediblər.
Toplantıda əsas məruzəçi Mətbuat Şurası sədrinin müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub. V.Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda çıxış edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə söz açıb.
Tədbirdə, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanın ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzusunda birgə təqdimatları olub.
Toplantıda sadalanan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb.