Bakıda narkotacir dəstəsi yaxalandı – FOTO / VİDEO

Polis əməkdaşları tərəfindən partaxtın Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər tutulub.

Belə ki, əməliyyatlar zamanı paytaxt sakinləri Ramiz Rzayev, Dəyanət Qurbanov, Vüqar İbrahimov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında metamfetamin və heroindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.

Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.