Bakıda narkotacirliklə məşğul olan iranlı saxlanıldı

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İran vətəndaşı Hossein Bolhassani tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 3 kiloqram heroin və 5 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb. Hossein Bolhassani müxtəlif qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil edən əsas şəxslərdən biri olub. Onun narkotik vasitələrin satışını həyata keçirmək üçün paytaxt ərazisində yaratdığı şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.