Bakıda narkotik satan xalaoğlular saxlanıldı – FOTO

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan xalaoğlularından 11 kq-dan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 34-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik mnaddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Əvvəlcə daxil olmuş məlumat əsasında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb. E.Zərbəliyevə narkotik vasitəni satmış, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb, onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə Tural Abdullayevə narkotik vasitəni satan onun xalası oğlu, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılıb. Polis əməkdaşları tərəfindən Aqşin Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı külli miqdarda 2 kq 511 qram heroin, 2 kq 940 qram həşiş, 1 kq 160 qram tiryək, 427 qram metamfetamin və 3 kq 505 qram marixuana aşkarlanıb götürülüb. Bu əməliyyat zamanı ümumilikdə 11 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.