Bakıda NATO-nun təlim kursu keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Təlim və məşq kursu” keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesinə dair müxtəlif mövzular tədris edilib.

Kursun yekununda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinq təqdim olunub.

Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, keçirilən kursun əsas məqsədi NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesini dinləyicilərə aşılamaqdan ibarətdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.