Bakıda nöqsanlar aşkarlanan iki dönərxananın fəaliyyəti məhdudlaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönərxanalarda aparılan monitorinqlər zamanı götürülmüş məhsul nümunələrində mikrobioloji çirklənmə aşkarlanıb. Bununla əlaqədar Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən, fiziki şəxs Abdulxaliqov Anar Asif oğluna məxsus “Ye-Doy Dönər” və Səbail rayonu, Badamdar şosesində yerləşən, fiziki şəxs Quliyev Qurban İlqar oğluna məxsus “Kürə Təndir” iaşə obyektlərində yoxlama keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, yoxlama zamanı iaşə obyektlərində bir sıra nöqsanlar aşkar edilib.

İaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmin obyektlərdə məhsulların divardan və yerdən ara məsafə gözlənilmədən saxlanıldığı, soyuducuda mal qonşuluğu qaydalarının gölənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, qida məhsulları ilə təmasda olan səthlərin gigiyenik materialla üzlənmədiyi, yuma sahəsində döşəmə, tavan və divarların tamlığının pozulduğu, işçi heyətin sağlamlıq arayışlarının mövcud olmadığı və müvafiq geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, ağzıaçıq tullantı qablarından istifadə olunduğu və s. nöqsanlar olduğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

COP29