Bakıda onaltımərtəbəli yaşayış binasında yanğın – Xəsarət alanlar var / YENİLƏNDİ

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

***

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

İki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.

Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsi olmadığı bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyatı qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.

***

***

15:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.