Bakıda onlarla ailə uçurumun kənarında-Fotolar

img1895282 (1)Bakıda onlarla ailənin yaşadığı ərazidə uçqun baş verib. Uçqundan sonra ərazi qəzalı vəziyyətə düşüb. Sakinlər uçurumun kənarında yaşayır və ölüm onların bir neçə addımlığındadır.

Qeyd etdiyimiz ərazi Sabunçu rayonunun Sabunçu qəsəbəsində dəmiryolu vağzalının yaxınlığındadır. Adı çəkilən ərazidə qayalıqların üstündə tikilən onlarla ev var.

Sakinlər bildiriblər ki, belə uçqunlar artıq bir neçə dəfə baş verib. Qayalıqların alt hissəsələrinin uçması sakinləri təhlükə ilə üzbəüzə qoyur.

Uçqun baş verən ərazidən qatarların keçməsi təhlükəni daha da artırır. Belə ki, qatarların hərəkəti zamanı qayalıqların silkələnməsi də uçqunlara səbəb olur. Bir neçə ay əvvəl bu ərazidə böyük uçqun baş verib və dəmiryol xətlərindən biri bağlanıb. Hazırda qayalıqlara yaxın olan dəmiryol xətti istifadə olunmur.

Burada elə vəziyyət yaranıb ki, hətta adicə yağış da hər an böyük faciəyə səbəb ola bilər. Aidiyyəti qurumlar isə hələ ki, heç bir tədbir görmür.

Qəzalı evlərin sakinləri deyirlər ki, uçqunlar baş verəndən sonra dəmiryolun bu hissəsindən keçən qatarlar sürət həddini də maksimum azaltmağa məcbur olub.

Qeyd edək ki, hazırda bu dəmiryol xətlərindən gün ərzində Sumqayıta bir neçə qatar hərəkət edir. Moskvaya gedən qatarların da bir hissəsi bu yoldan keçir. Bu yollar gün ərzində bir neçə yük qatarını da ötürür. Dəmiryol xətti əvvəlki illərdəki kimi intensiv istifadə edilmir.

Təlaş içində olan sakinlər deyir ki, əgər dəmiryol xətlərindən əvvəlki kimi istifadə olunsa, çox qısa bir zamanda burada böyük faciə yaşana bilər. Payız mövsümü yaxınlaşanda hər zaman böyük qorxu yaşadıqlarını deyən sakinlər yağan yağışların vəziyyəti daha da təhlükəli hala gətirdiyini qeyd edirlər.

Uçurumun bir addımlığında yaşayan insanlar heç bir təhlükəsizlik tədbirlərinin görülməməsindən narahatdır.

Əlavə edək ki, vəziyyət təkcə təhlükəli olmaqla qalmır, həm də ağırlaşır. Bu insanlar ya bu evlərdən köçürülməlidir, ya da hansısa təhlükəsizlik tədbirləri görülməlidir. Əks halda baş verəcək növbəti uçqun dəhşətli faciəyə səbəb ola bilər(musavat).