Bakıda piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Nərimanov rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Yenicag.az-a daxil olan birgə məlumata görə, mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlu etibarnaməsiz idarə etdiyi “Lifan” markalı, 99-HJ-019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq öldürüb.

Hadisə yerindən qaçan sürücü ilə bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin Ruslan Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

COP29