Bakıda polis tələbəni döyüb? – Rəsmi açıqlama

doyulubBakıda 18 yaşlı tələbənin polis tərəfindən döyülməsi barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, bayram günlərində bəzi saytlarda Bakının Sabunçu rayonu ərazisində 18 yaşlı lisey tələbəsi Mirbala Qasımzadənin guya polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumatlar yayılıb:

“18 yaşlı Mirbala Qasımzadənin polis əməkdaşları tərəfindən döyülməsi və xəsarət alması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu, bayram günlərində gücləndirilmiş iş rejimində çalışan polisin işgüzar nüfuzuna kölgə salmağa yönələn məlumatdır. Belə ki, yanvarın 1-də saat 00:30 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesi küçəsində yerləşən yerüstü keçidin yanında bir neçə şəxsin mübahisə etməsi və səs-küy salması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları həmin ünvanda dava-dalaş edən şəxsi və zərərçəkmişi 12-ci Polis Bölməsinə gətiriblər. Bu haqda müvafiq raportlar yazılıb və iş materiallarına əlavə edilib”.

Qeyd olunub ki, zərərçəkmiş, 1986-cı il təvəllüdlü Paşayev İlham Əli oğlunun da ərizə və izahatı alınıb, xəsarət alıb-almadığını müəyyən etmək üçün barəsində Məhkəmə Tibbi Ekspertizası təyin edilib. Zərərçəkmişlə dalaşan, 1998-ci il təvəllüdlü Qasımzadə Mirbala Vüqar oğlunun sərxoşluq dərəcəsinin təyini məqsədilə aparılan tibbi müayinə zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunub. Mirbala Qasımzadə 12-ci Polis Bölməsinə gətirilərkən üst-başının palçıqlı, üz nahiyəsində xırda sıyrıqlar olduğu üçün məsul növbətçi tərəfindən müvafiq akt tərtib edilib. Bundan əlavə, hadisə yerində olan müşahidə kamerasının görüntüləri iş materiallarına əlavə edilib”.

 

Yenicag.az