Bakıda qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizə ilə bağlı tədbir keçirilir

Bakıda “qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası” media müstəvisində adlı tədbir keçirilir.

Yenicag.az xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri, eləcə də blogerlər iştirak edir.

Çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirin keçirilməsinin mahiyyətindən danışıb.

O bildirib ki, tədbirin keçirilməsində məqsəd ənənəvi və rəqəmsal medianı qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə işinə cəlb etmək, o cümlədən onların dəstəyi ilə hər kəsə çağırış etməkdir.

Qeyd edək ki, “qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası” media müstəvisində hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır.

Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.