Bakıda bir qrup gənc arasında dava olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağa Neymətulla və Arif Heydərov küçələrinin kəsişməsində qeydə alınıb.
Biləsuvar rayon sakinləri 25 yaşlı Sabir Heydərovla əmisi oğlu, 19 yaşlı Abdulla Süleymanovun tanışları ilə mübahisəsi düşüb. Mübahisə zamanı naməlum şəxs və ya şəxslər iki əmi oğlunu bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, Sabir Heydərov sağrı nahiyəsi, Abdulla Süleymanov isə qarnından bıçaqlanıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.