Reklam: High Technic
hightechnic

Bakıda Qazaxıstanın Müstəqillik Günü qeyd olundu - FOTOLAR

Qazaxıstanın dövlət müstəqilliyi Günü münasibətilə Bakıda təntənəli tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, qəbulda xarici ölkələrin Azərbaycandakı diplomatik korpusunun təmsilçiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Azərbaycan və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev ölkəsinin 26 il əvvəl müstəqillik əldə etməsindən sonra davamlı inkişaf yoluna çıxdığını və bu istiqamətdə inamla irəlilədiyini vurğulayıb.

Səfir İsabayev Azərbaycan və Qazaxıstan rəhbərliyinin səyləri nəticəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdırıldığını məmnunluqla qeyd edib. Diplomat Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji mahiyyət daşıdığını bildirərək, bütün sahələri əhatə edən qarşılıqlı əlaqələrin ardıcıl surətdə genişləndirildiyini deyib.
Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən energetika naziri Pərviz Şahbazov Qazaxıstanın müstəqilliyini qazandığı 26 il ərzində prezident Nursultan Nazarbayevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini söyləyib.

Nazir qeyd edib ki, Azərbaycanla Qazaxıstan bütün sahələrdə, o cümlədən, enerji sahəsində qarşılıqlı fayda əsasında sıx əməkdaşlıq edir və bu əlaqələr iki ölkənin inkişafına ciddi təkan verir. Şahbazov əlavə edib ki, iki ölkənin hökumətləri qarşılıqlı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atırlar.

Təntənəli qəbulun rəsmi hissəsindən sonra Qazaxıstanın Akademik EtnoFolkolor Orkestri nümunəvi proqramla çıxış edib. Tədbir boyu Qazaxıstanın tarixini və müasir dövrünü əks etdirən videoçarxlar nümayiş etdirilib.

A. Zeynalov

www.yenicag.az

689