Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən dəstə üzvləri – Maya Qasımova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yenicag.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Qasımova 10 il 6 ay, O.Hüseynov 11 il, İ. Kərimov 11 il, E. Osmanov 11 il və S.Heydərova 1 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il yanvarın 25-də Yasamal rayonunda Bakı şəhər sakini Muxtar Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadının evinə gəlib. Bundan təxminən, 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər. M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb ətrafdakıları köməyə çağırıb.
Polisə edilən müraciət əsasında dəstə üzvlərindən Orxan Hüseynov, daha sonra dəstənin digər üzvləri – M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova saxlanılaraq istintaqa cəlb ediliblər.