!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda rus imperializminin AÇIQ NÜMAYİŞİ: Rusiyanın işğalçılıq siyasətinin "Georgi" lenti

!Reklam – Yazi

Bakının mərkəzində Rus Evinin dəstəyi ilə “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyi tərəfindən bu gün keçirilməsi planlaşdırılan “Georgi lenti” aksiyası ləğv edilib.

Yenicag.az xəbər verir ki, sözügedən aksiyanın keçirilməsinin ləğvini şərtləndirən ən əsas amil 30 aprel tarixinin Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ildə baş vermiş terror aktının ildönümü olması ilə əlaqədardır.

Lakin tarixdə bir az geriyə gedərək “Georgi lenti”nin nə olduğu haqqında məlumat əldə etdiyimiz zaman paytaxtda həmin aksiyanın keçirilməsinin yalnız ADNA-da törədilən terror aktı ilə eyni günə düşməsinin səbəb kimi göstərilməsi qaneedici olmadığına qənaət gətirmək olar.

Belə ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biridir. Aksiya adını 1769-cu ildə imperatriçə II Yekaterina tərəfindən təsis olunan “Müqəddəs Georgi” ordenindən götürüb və lent “qəhrəmancasına savaşan” rus işğalçılarına verilən mükafatların üzərinə vurulurdu.

Lentin üzərində 3 qara və 2 narıncı xətt əks olunub. Bunlardan narıncı rəng alovu, qara rəng isə tüstünü simvolizə edir.

Rus imperializminin simvolu olan bu lentlərdən hətta II Dünya müharibəsi zamanı da mükafat kimi istifadə olunurdu. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilmiş “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalının lenti də məhz bu cür idi. SSRİ xalqlarının böyük fədakarlığı sayəsində qazanılan qələbəyə hətta o zaman da rus imperializminin rəngi vurulurdu.

Hazırda Rusiyanın şovinist, “velikorus” və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunan “Georgi lenti” 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra “neo-faşizmin və Rusiya təbliğatı”nın rəmzi kimi qəbul edilir.

Bu günlərdə “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin media qrupunun baş direktoru Dmitri Kiselyov “Georgi lenti” kampaniyasını başladarkən elan edib ki, bu il lentin paylanılması Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbçiləri ilə həmrəy olmaq məqsədi daşıyacaq.

Uzun illər işğalçılıqla mübarizə aparan və bu siyasətin üzərində əzmkar qələbə qazanan Azərbaycanın paytaxtında Rusiyanın Ukraynaya hərbi təcavüzünə, həmçinin müxtəlif şəhərlərdə dəhşətli qətliamlar törədən rus hərbçilərinə dəstək aksiyasının “Georgi lenti” altında keçirilməsi isə, təbii ki, qəbuledilməzdir.

Onu da qeyd edək ki, bugünədək Moldova, Ukrayna, Latviya, Litva və Estoniyada “Georgi lenti” aksiyası və bu lentin paylanılması rəsmi olaraq qadağan edilib.

www.yenicag.az

2058
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv