Bakıda sərnişin avtobusu qəza törətdi – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində – Zabrata gedən yolda “İsuzu” markalı 90 JA 101 dövlət qeydiyyat nişanlı avtobus yolu keçməyə çalışan yaşlı qadını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb və orada keçinib.

Araşdırmalar zamanı məlum olub ki, ölən qadın paytaxt sakini, 1955-ci il təvəllüdlü Valentina Mişkininadır.

Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən avtobus marşrut xətti üzrə fəaliyyət göstərməyib, özəl şirkətlərdən birinə məxsus olub./Publika/